Ermənistanın “Sülh kəsişməsi” layihəsi var və hesab edirəm ki, bu, ölkələrimiz üçün son dərəcə vacibdir. Bunu Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.
“Biz bu orta dəhlizin nəhayət öz potensialını reallaşdırmasını təmin etmək üçün tərəfdaşlarımızla işləməyi hədəfləyirik.
Ermənistanın coğrafi üstünlüyünü nəzərə alsaq, Ermənistan qitələrarası layihələrdə Qazaxıstan üçün son dərəcə əhəmiyyətlidir, ölkələrimiz arasında ticarət-iqtisadi, biznes, investisiya əməkdaşlığının gücləndirilməsi ölkələrimizin inkişafına mühüm təkan verə bilər.
Bu dinamika mədəni, humanitar əlaqələr üçün son dərəcə vacibdir. Qazaxıstanda ölkələrimizi birləşdirmək sahəsində qızıl körpü rolunu oynayan erməni diasporu var. Qazaxıstanda 25 mindən çox erməni yaşayır, bizim çoxmillətli ölkəmiz bu insanların təhsil alması, işləməsi və iqtisadiyyatımızın inkişafında fəal iştirak etməsi üçün hər cür şərait yaradıb”.