Avropa Parlamentinin bu gün keçiriləcək iclasında Aİ ilə Ermənistan arasında daha sıx əlaqələrin qurulması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin zəruriliyi ilə bağlı qətnamə səsə qoyulacaq.
Sənədin layihəsində Avropa Parlamentinin deputatları Ermənistana Aİ üzvlüyünə namizəd statusunun verilməsi imkanlarına baxmağı təklif ediblər. “Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və onun demokratiyasını gücləndirən davamlı islahatlar yoluna davam etsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”.
Deputatlar Avropa İttifaqının icra hakimiyyəti orqanlarını, Komissiyanı və Şuranı Ermənistanı Aİ ilə təkcə iqtisadi tərəfdaşlıq sahələrində deyil, həm də siyasi dialoq, təhlükəsizlik, insanlar arasında təmaslar və sektoral inteqrasiya sahələrində fəal dəstəkləməyə çağırıblar.
Həmçinin Rusiyanın Ermənistan iqtisadiyyatına təsirinin çox böyük olduğu vurğulanıb və Ermənistanı Aİ sanksiyalarından yayınma ehtimalına qarşı ayıq olmağa çağırıb. “Biz Rusiya Federasiyasının Ermənistanı müstəqil siyasi və strateji seçimlərinə görə cəzalandırmaq üçün ona qarşı istifadə etməyə çalışa biləcəyi təhdidlərin səviyyəsini və müxtəlifliyini tam bilirik. Aİ Ermənistana bu cür qeyri-dost addımların mənfi nəticələrini yumşaltmaq üçün təcili yardım göstərməyə hazır olmalıdır”.