Beynəlxalq insan haqları təşkilatı “Amnesty İnternational” Azərbaycanda Toplum TV işi üzrə jurnalist və fəalların son həbslərini pisləyib.
“Müstəqil mediaya qarşı bu son təzyiq ifadə azadlığı və media azadlığı hüququna birbaşa hücum və tənqidi səsləri susdurmaq cəhdidir. Azərbaycan hakimiyyəti müstəqil media qurumlarını və müxalifət qruplarını hədəfə alır, qorxudur və təqib edir, insan haqlarına və qanunun aliliyinə açıq-aşkar etinasızlıq nümayiş etdirir”, - “Amnesty International”ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Nataliya Nozadze bəyan edib.
O qeyd edib ki, Azərbaycan hakimiyyəti insan hüquqlarına və müstəqil mediaya qarşı artan təzyiqlərə dərhal son qoymalıdır.
“Amnesty International” beynəlxalq ictimaiyyəti Azərbaycandakı vəziyyətin aktuallığını və ağırlığını tanımağa və bu təzyiqlərə son qoymaq üçün hakimiyyətə təzyiq göstərməyə çağırır. “Ölkə bu ilin noyabrında “COP29” iqlim konfransına ev sahibliyi edəcəyi üçün bu beynəlxalq diqqət mərkəzindən insan hüquqlarına hörmət tələb etmək üçün istifadə edilməsi vacibdir”, deyə Nozadze fikrini tamamlayıb.