Gürcüstan hökuməti ölkənin sabiq baş prokuroru, həmçinin daxili işlər naziri olmuş Zurab Adeişvilinin Ukrayna nümayəndə heyətinin tərkibində qəbul edilməsinə görə Almaniyaya və Avropa İttifaqına etiraz bəyanatı yayıb.
Hökumətin bəyanatında Zurab Adeişvilinin cinayətkar olduğu və Gürcüstanda barəsində həbs qərarı olduğu xatırladılıb.
"Zurab Adeişvilinin Avropa İttifaqı və Almaniya Federativ Respublikasında qonaq olması Avropa bürokratiyasının qanunun aliliyi ideyasına sadiq olması ilə bağlı təsəvvürü sarsıdır... Müvafiq olaraq, qeyd olunan hadisə Avropa İttifaqının Gürcüstan üçün müəyyən etdiyi doqquz prioritetdən birincisinin, yəni Gürcüstanda anti-Avropa əhval-ruhiyyəsinin güclənməsinin qarşısının alınmasına birbaşa ziddir", - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, Adeişvili Gürcüstanda "repressiv rejim"in yaradıcılarından olub və qanunsuz mənimsəmə, adam oğurluğu, məhbuslara işgəncə və digər ittihamlar üzrə təqsirli bilinir.
Gürcüstan hökuməti səfərlə əlaqədar daha bir etiraz bəyanatını Ukraynaya ünvanlayıb. Bəyanatda Kiyevin Gürcüstan tərəfindən axtarışa verilmiş şəxsləri müxtəlif yüksək vəzifələrə təyin etməsinin iki ölkə arasındakı əlaqələrə zidd olduğu vurğulanıb.
Həmçinin Ukraynanın müxtəlif bəhanələrlə öz səfirini Gürcüstandan geri çağırdığı, lakin Gürcüstan səfirinin müharibə başlayandan Kiyevi tərk etməyən nadir diplomatlardan olduğu qeyd edilib.
Vurğulanıb ki, iki ölkə arasında münasibətlərin düzəlməsi üçün Ukrayna Gürcüstan tərəfindən cinayət axtarışına verilmiş şəxsləri vəzifələrindən azad etməli və onları Gürcüstana təhvil verməlidir.