OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Hesabatı Layihəsi) bildirir ki, Böyük Britaniya məhkəməsi Londonda Azərbaycan deputatı Cavanşir Feyziyev və həyat yoldaşına məxsus $50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı qüvvədə saxlayıb.
Müvafiq mülkiyyət sənədləri ilə tanış olan OCCRP Feyziyev ailəsinə məxsus mülklərə 2023-cü ilin iyun ayında Britaniyanın Milli Cinayət Agentliyinin (National Crime Agency - NCA) müraciəti əsasında həbs qoyulduğunu aşkarlayıb.
Britaniya mıhkəməsi Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə mükafatlandırılan Feyziyev və həyat yoldaşının dondurulmuş mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu, əməliyyatların daha əvvəl çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərin vasitəsilə həyata keçirildiyini iddia edir.
Feyziyev ailəsinin vəkili həbs qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib, lakin məhkəmə martın 8-də vəsatəti rədd edib.
Böyük Britaniyanın Milli Cinayət Agentliyi bundan əvvəl Cavanşir Feyziyevin ailə üzvlərinin hesablarındakı 20 milyon dollardan artıq məbləği “Azərbaycan landromatı” kimi tanınan beynəlxalq çirkli pulların yuyulması mexanizmi ilə qanunsuz əldə edildiyini iddia edərək dondurmuşdu.