İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ER müdafiə naziri Suren Papikyanla görüşündə bildirib ki, qonşularla münasibətlərin möhkəmləndirilməsi İranın xarici siyasətinin prinsiplərindən biridir.
“Qonşuları ilə münasibətlər kontekstində Ermənistan İran üçün xüsusi əhəmiyyət kəsb edir. Ermənistan müstəqillik əldə etdikdən sonra iki ölkə arasında münasibətlər həmişə müxtəlif sahələrdə inkişaf edib”, - deyə o qeyd edib.
Aştiani Cənubi Qafqazdakı vəziyyətə toxunaraq, İranın mövqeyinin sabit və hərtərəfli sülhü dəstəkləmək olduğunu vurğulayıb.
“İranın mövqeyi region ölkələrinin ərazi bütövlüyünü və onların bütün əraziləri üzərində milli suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsinin yolverilməzliyini dəstəkləməkdir. Biz Azərbaycan və Ermənistan arasında birbaşa danışıqların, təmasların və sabit sülhün tərəfdarıyıq və hesab edirik ki, bu, Qafqazın inkişafı üçün zəmin yaradır”, - Aştiani bildirib.
O, bir daha vurğuladı ki, regionun təhlükəsizliyini region ölkələri qurmalıdır. İran rəsmisinin fikrincə, Qafqaz “güclər arasında rəqabət platformasına” çevrilməməlidir.