Toplum TV-nin ofisində axtarış aparılması, əməkdaşlarının həbsi, eləcə də barələrində cinayət işi açılmasına beynəlxalq təşkilatlardan və bəzi ölkələrdən reaksiyalar gəlib.
Böyük Britaniya Toplum TV-nin jurnalistləri və “III Respublika” siyasi hərəkatının üzvünün həbsi ilə bağlı dərin narahatlıq keçirdiyini bildirib.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin “X” platformasında paylaşdığı məlumatda ölkədə həbs edilmiş media nümayəndələri daxil olmaqla, hər bir kəsin ifadə azadlığını və fundamental insan hüquqlarını qorumağa çağırış edilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller də açıqlama verərək bildirib ki, Azərbaycan hakimiyyəti jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və müxalifət xadimlərini qorxutmaq, sıxışdırmaq və cəzalandırmaq üçün onları həbs edir.
“Amnesty International”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” Azərbaycan hakimiyyətini jurnalistləri dərhal azad etməyə, onlara qarşı ittihamları ləğv etməyə çağırıb:
“İlham Əliyev diktaturası jurnalistikanı məhv etməkdədir”, – deyə “Sərhədsiz Reportyorlar” Təşkilatından Janna Kavelye bildirib.
Qeyd edək ki, martın 6-da polis “Toplum TV”-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb. Ofisdən 30 min avro, əməkdaşların isə evlərindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.
Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.