Ölkələrimiz arasındakı münasibətlər çoxillik qardaşlıq tarixinə, isti münasibətlərə, qarşılıqlı anlaşmaya və həmrəyliyə əsaslanır. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kiprin xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında deyib.
“Yaxın vaxtlarda Kiprdə diplomatik nümayəndəlik açmaq qərarına gəldiyimizi söyləməkdən məmnunam. Biz bu il bunun həyata keçirilməsi üçün səylərimizi əsirgəməyəcəyik”, - deyə nazir bildirib.
O, təkcə Xarici İşlər Nazirlikləri, ümumilikdə icra hakimiyyətləri arasında deyil, parlamentlər səviyyəsində də gözəl əməkdaşlığın olduğunu vurğulayıb.
Ararat Mirzoyan həmkarına Azərbaycanla danışıqlarda son inkişaflar barədə məlumat verib. “Demək istəyirəm ki, Ermənistanın mövqeyi eynidir və Ermənistan sülh gündəminə sadiq qalır və bildiyiniz kimi, burada bir sıra əsas məsələlər var, lakin bəlkə də ən əsası və vacibi ərazi bötüvlüyün qarşılıqlı tanınması və 1991-ci il Alma-Ata Bəyannaməsi və onun müəyyən etdiyi prinsiplərə əsaslanan gələcək delimitasiya prosesidir”.
Mirzoyanın sözlərincə, regionda bu prinsip əsasında sülhün bərqərar olması ölkələr üçün təkcə siyasi baxımdan deyil, həm də iqtisadi baxımdan çox faydalı olacaqdır. Ermənistanın XİN rəhbəri “Sülhün kəsişməsi” təşəbbüsünə də toxunub.