Ermənistan və Yunanıstanın müdafiə nazirləri beynəlxalq və regional təhlükəsizlik çağırışlarını müzakirə ediblər. Bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.
“İki ölkənin regional və beynəlxalq təhlükəsizlik mühitinin gücləndirilməsi ilə bağlı yanaşma və təsəvvürləri eynidir və bu, bizim müzakirələrimiz zamanı bir daha təsdiqlənib.
Həmkarımla biz Ermənistan-Kipr-Yunanıstan üçtərəfli əməkdaşlığını da müzakirə etdik, eyni dəyərləri paylaşan digər dost ölkələrlə çoxtərəfli əməkdaşlıq imkanlarını müzakirə etdik.
Biz iki ölkənin beynəlxalq təşkilatlar, xüsusilə Aİ və NATO çərçivəsində sıx əməkdaşlığını vurğuladıq.
Xüsusi vurğulamaq istərdim ki, Avropa strukturları və dövlətləri ilə müdafiə əlaqələrində, beynəlxalq missiyalarda iştirakda və bir çox başqa məsələlərdə Ermənistana yol açan ilk ölkə Yunanıstan olub”, - Papikyan bildirib.
Daha əvvəl məlumat vermişdik ki, Suren Papikyan Ermənistana rəsmi səfərə gələn Yunanıstanın milli müdafiə naziri Nikolaos Dendiası qəbul edib.