Human Rights Watch təşkilatı fevralın 22-də dərc etdiyi “Biz sizi tapacağıq” başlıqlı hesabatında hökumətlərin öz sərhədləri kənarında həyata keçirdiyi təqiblərlə bağlı narahatlıq ifadə edir.
“Transmilli repressiya” adlandırılan tendensiya hökumətlərin fərdlərə qarşı törətdiyi qətllər, oğurluqlar, ölkədən çıxarılma, konsulluqdan sui-istifadə və rəqəmsal hücumları əhatə edir.
Hesabatda Azərbaycan transmilli repressiya vasitələrindən istifadə edən ölkələr sırasında yer alır. Azərbaycanla yanaşı Əlcəzair, Belarus, Çin, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və bir sıra digər ölkələrin də transmilli repressiyalar törətdiyi qeyd edilir.
Hesabatda hökumətlərin xaricdə yaşayan dissidentləri, fəalları və siyasi opponentləri hədəfə alması, müşahidə, təqib və hətta adam oğurluğu kimi taktikalardan istifadə etməsi hallarına diqqət çəkilir. Transmilli repressiyalara daha bir nümunə kimi xaricdə yaşayan müxaliflərin hələ də öz ölkəsində yaşayan ailə üzvləri və qohumlarına qarşı təzyiq və təqiblər göstərilir.
HRW bildirir ki, transmilli repressiyalar hədəfə alınan və ya hədəfə alına biləcəyindən qorxanların ifadə, birləşmə və toplaşmaq azadlığı hüquqlarına ciddi çəkindirici təsir göstərə bilər.
Transmilli repressiya halları ilə bağlı monitorinq aparan “Freedom House” təşkilatının məlumatına görə, təkcə 2023-cü ildə 25 hökumət tərəfindən törədilən 125 transmilli repressiya hadisəsini qeydə alıb.
Təşkilatın məlumat bazasında 2014-cü ildən bəri 44 hökumət tərəfindən 100 ölkədə həyata keçirilən 1034 birbaşa, fiziki transmilli repressiya hadisəsi yer alır.
HRW ilə yanaşı bugünədək bir sıra beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən Avropa Şurası Parlament Assambleyası və ABŞ Dövlət Departamenti öz hesabatlarında Azərbaycan hökumətinin xaricdə yaşayan müxalif fəallara, xüsusən də jurnalist və blogerlərə qarşı transmilli repressiyalar törətməsi ilə bağlı narahatlıqlar ifadə ediblər.