Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərkibində qalmaq ilk növbədə Ermənistan xalqının və dövlətinin maraqlarına cavab verir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” nəşrinə müsahibəsində bildirib.
Ermənistan nümayəndələrinin KTMT iclaslarını boykot etməsini və Yerevanın sonda təşkilatı tərk edə biləcəyindən Rusiyanın narahatlığının olmasını şərh edən Qaluzin qeyd edib ki, KTMT-də qalmaq, təşkilat çərçivəsində tam hüquqlu məsləhətləşmələrə, müzakirələrə qayıtmaq ilk növbədə Ermənistan xalqının və dövlətinin maraqlarına cavab verir.
Diplomatın fikrincə, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından KTMT mexanizminin alternativi hazırda mövcud deyil.
“Bununla yanaşı, KTMT-yə üzv ölkələr həmişə Yerevana yardım göstərməyə hazır olub və indi də belədir. Vaxtilə Ermənistana hərbi-texniki dəstək, ixtisaslaşmış kadrların hazırlanması ilə bağlı tədbirlər, Ermənistanla Azərbaycan arasında sərhədyanı ərazilərə KTMT-nin monitorinq missiyasının göndərilməsi təklif edilib. Təəssüflər olsun ki, həmin mərhələdə o ideyalar, təkliflər bəyənilmədi və həyata keçirilmədi”, - rusiyalı diplomat əlavə edib.
Qaluzin diqqətə çatdırıb ki, Qərbin Cənubi Qafqazda maraqları Ermənistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin normallaşması, regionda davamlı sülh və stabilliyə nail olmağa kömək etmək deyil, Rusiyanı bu prosesdən sıxışdırıb çıxarmaq, onun sərhədləri yaxınlığında növbəti gərginlik mənbəyi yaratmaqdan ibarətdir.
“Biz görürük ki, ABŞ, onun Avropa İttifaqı və NATO-dan olan əlaltılarının müdaxilə etdiyi ölkələrin və ya regionların heç birində sabitlik və dayanıqlı sülh yaranmayıb. Yalnız xaos, dövlətçiliyin və sabitliyin pozulması olub. Buna Balkanları, İraqı, Liviyanı, Suriyanı nümunə göstərmək olar”, - o bildirib.