İran həmişə Cənubi Qafqazda mühüm oyunçu olub və bu regionda Rusiya ilə əməkdaşlığa hazırdır.
Bu barədə Rusiyanın İrandakı səfiri Aleksey Dedov RİA Novosti agentliyinə müsahibəsində bildirib.
“Bu regionda bütün ziddiyyətlər, bütün münaqişələr sülh yolu ilə siyasi-diplomatik səylərlə və region ölkələrinin özləri tərəfindən xarici qüvvələrin müdaxiləsi olmadan həll edilməlidir”, - diplomat qeyd edib.
Səfir bütün sahələrdə əməkdaşlıq baxımından “3+3” regional platformasının əhəmiyyətini vurğulayıb.
“Və təbii ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çox perspektivli layihədir. Məlum olduğu kimi, bir çox Fars körfəzi dövlətləri də ona maraq göstərir”,-deyə səfir əlavə edib ki, digər bir layihə ilə Rusiya Federasiyası, Azərbaycan, Ermənistan və İran arasında enerji körpüsü yaradıla bilər.
Onun sözlərinə görə, pik yüklənmə dövrlərində elektrik enerjisinin nəqlini nəzərdə tutan dörd ölkə arasında enerji körpüsü yaratmaq layihəsi mövcuddur. Diplomat vurğulayıb ki, hazırda Moskva və Tehran bu məsələ ilə bağlı danışıqlar aparır. Layihə dörd ölkə arasında elektrik enerjisinin mübadiləsini və nəqlini nəzərdə tutur.