Avropa Şurasının çirkli pulların yuyulmasına qarşı mübarizə orqanı – MONEYVAL bu gün dərc etdiyi hesabatında Azərbaycan hakimiyyətini pulların leqallaşdırılmasına (PL), terrorçuluğun maliyyələşdirilməsinə (TM) və yayılmanın maliyyələşdirilməsinə qarşı mübarizə səylərini fəallaşdırmağa, qabaqlayıcı tədbirlərə və nəzarətə xüsusi diqqət yetirməyə çağırır, Turan agentliyi məumat yayıb.
Hesabatda Azərbaycanın Maliyyə Tədbirləri üzrə İşçi Qrupu tərəfindən müəyyən edilmiş standartlara uyğunluğunun ətraflı qiymətləndirməsi təqdim edilib. Məruzədə çirkli pulların yuyulması haqqında işlərin səmərəli araşdırılmasında və məhkəmə təqibində ciddi təkmilləşdirmələrə ehtiyac olduğu qeyd edilir. Hüquq-mühafizə orqanları çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayətlərdən gələn gəlirlərin izlənilməsi və dəlil yığılması üçün maliyyə kəşfiyyatından istifadə etdiyi bir vaxtda operativ səviyyədə daha sıx daxili əməkdaşlığa ehtiyac var.
Bundan başqa, hesabatda araşdırmalarda və məhkəmə təqibində, xüsusilə yüksək təhlükəlilik səviyyəsinə malik olan cinayələrlə bağlı araşdırmalarda ardıcıllıq zərurəti vurğulanır. Sənəddə qeyd edilir ki, çirkli pulların yuyulması haqqında bəzi işlər araşdırılsa da, əsas hüquqpozmaların aşkar edilməsi və hüquqi şəxslərin çirkli pulların yuyulmasına görə məsuliyyətə cəlb edilməsində təkmilləşdirilməsi üçün imkanlar var.
Azərbaycanın aktivlərin müsadirəsi siyasəti qəbul edilib, lakin MONEYVAL öllkəni terrorçuluğun maliyyələşdirilməsi də daxil olmaqla, gəlir gətirən bütün cinayətlərlə bağlı aktivlərin izlənilməsi üçün sistemli şəkildə paralel maliyyə araşdırmaları aparmağa çağırır.
Özəl sektorun sanksiyalar tətbiq etməsi və xüsusən yayılmanın maliyyələşdirilməsi məsələlərində nəzarətin adekvatlığı ilə bağlı narahatlıqlar qalmaqdadır.
MONEYVAL qabaqlayıcı tədbirlərin mütənasibliyini və qeyri-kommersiya təşkilatlarının qanuni fəaliyyətinin müdafiəsini təmin edərək, qeyri-kommersiya təşkilatlarının terrorçuluğun maliyyələşdirilməsi məqsədilə sui-istifadələrə yol verməsi riskinin azaldılması üzrə təcili tədbirlər görməyə çağırır.
Azərbaycanın hüquqi şəxslərdən qanunsuz istifadənin qarşısının alınmasında uğur əldə etməsinə baxmayaraq, şəffaflığın təmin edilməsi üçün daha fəal tədbirlərə ehtiyac var. Hesabat verən təşkilatlara israrla siyasi təsirə malik şəxslərin və benefisiarların müəyyən edilməsi üçün zəruri tədbirlər görmək tövsiyə olunur.
Gələcək prosedurlar çərçivəsində Azərbaycanın MONEYVAL-a 2025-ci ilin dekabrına qədər çirkli pulların yuyulmasına / terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsində irəliləyiş haqqında məlumat verəcəyi gözlənilir.