Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskvanın məqsədi Ermənistan və Azərbaycana barışıq və dinc əməkdaşlığa nail olmaqda dəstək olmaqdır.
“Ermənistan-Azərbaycan nizamlanmasında Rusiyanın rolunun alternativi yoxdur, o rol böyük və unikaldır. İlk növbədə Rusiya prezidenti Vladimir Putinin rolu var”, - Qaluzin “Rossiya 24” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Moskvada topoqrafik materiallar olduğu üçün Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası çərçivəsində Bakı və Yerevana məsləhət xidmətləri təklif edir.
“Sülh müqaviləsinin imzalanmasına gəlincə, RF bütün məsələlər kompleksinin müzakirəsinə fəal şəkildə kömək edir. Biz hər zaman Ermənistan-Azərbaycan sülh müqaviləsi danışıqları üçün platformamızı təqdim etməyə hazırıq”, - Qaluzin öz fikrini bildirib.