Fevralın 8-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Haaqada Niderland Krallığının xarici işlər naziri Hank Brauns Slott ilə görüşüb. Bu barədə ER XİN məlumat yayıb.
“Görüş zamanı Ermənistan-Niderland ikitərəfli gündəliyi və siyasi dialoqun genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Ermənistanda demokratiya və qanunun aliliyinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar və bu istiqamətdə gələcək ikitərəfli əməkdaşlığa hazır olduqları vurğulanıb. Bu kontekstdə, eləcə də cəzasızlığa qarşı mübarizə kontekstində Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olması da məmnunluqla qeyd olunub.
Xarici işlər nazirləri Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığa dair məsələləri müzakirə ediblər. Ararat Mirzoyan müxtəlif istiqamətlərdə əməkdaşlığın davamlı inkişafını vurğulayıb.
Görüşdə Cənubi Qafqazda baş verən son hadisələrə və ümumi təhlükəsizlik vəziyyətinə toxunulub.
Nazir Mirzoyan həmkarına Ermənistanın regionda sabitlik və sülhün bərqərar olması ilə bağlı baxışını təqdim edib. ER XİN rəhbəri Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində Ermənistan tərəfi üçün fundamental prinsipləri, xüsusən də ərazi bütövlüyü və sərhədlərin bölünməzliyinə birmənalı hörmətin vacibliyini vurğuladı.
Regionda nəqliyyat və iqtisadi kanalların açılması və Ermənistanın sülh gündəmi kontekstində nazir Mirzoyan həmkarının diqqətini ER hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” proqramının əsasını təşkil edən prinsiplərə cəlb edib.
Ermənistan və Niderlandın xarici işlər nazirləri fəal təmasları və qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə müzakirələri davam etdirmək barədə razılığa gəliblər”, - məlumatda deyilir.