Fevralın 6-da Yerevanda Ermənistan Respublikası və İsveçrə Konfederasiyası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr baş tutub. Bu barədə ER XİN məlumat yayıb.
Ermənistan nümayəndə heyətini XİN-in Avropa Departamentinin rəhbəri Samvel Mkrtçyan, İsveçrə nümayəndə heyətini isə Xarici İşlər Nazirliyinin Avrasiya regionu departamentinin rəhbəri Muriel Penever təmsil edib.
Tərəflər Ermənistan və İsveçrə arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu məmnunluqla qeyd ediblər, ikitərəfli münasibətlərin gündəliyinə aid məsələlərin geniş spektrini müzakirə ediblər. Hər iki tərəf iqtisadiyyat, yüksək texnologiyalar, mədəniyyət, turizm və digər sahələrdə mövcud əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladılar.
Beynəlxalq platformalarda səmərəli əməkdaşlıq imkanlarına toxunulub.
Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə də toxunulub. ER hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsi təqdim edilib.
Həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.