Beynəlxalq Transparency International təşkilatı 2023-cü ildə korrupsiyanın səviyyəsinə görə ölkələrin indeksini açıqlayıb. Bu reytinq ekspert və sahibkarların rəylərinə əsaslanaraq dövlət sektorunda korrupsiyanın səviyyəsini qiymətləndirir.
Bu siyahıda Azərbaycan ötən il olduğu kimi, 180 ölkə arasında 154-cü yeri tutub.
Hər ölkənin göstəricisi ən azı üç mənbə, korrupsiya probleminə həsr olunmuş 13 sorğu və araşdırma əsasında müəyyən edilir. Bu məlumatların toplanması Dünya Bankı və Dünya İqtisadi Forumu da daxil olmaqla, bir sıra nüfuzlu təşkilatlar tərəfindən həyata keçirilir. İndeksin hazırlanmasında istifadə olunan mənbələrdə dövlət sektorunda korrupsiyanın aşağıdakı təzahürləri nəzərdən keçirilir:
Rüşvətxorluq, Büdcə vəsaitlərindən təyinatı üzrə istifadə olunmaması, Nəticələrdən qorxmadan şəxsi mənfəət əldə etmək üçün dövlət vəzifəsindən istifadə edən məmurların üstünlük təşkil etməsi, Hökumətin dövlət sektorundakı korrupsiyanın qabağını almaq bacarığı, Dövlət sektorunda korrupsiya üçün əlavə imkanlar yarada bilən həddindən artıq bürokratikləşmə, Dövlət vəzifələrinə proteksiya üzrə təyinat, Dövlət qulluqçularından onların gəlirləri və potensial maraq toqquşmaları barədə məlumatların açıqlanmasını tələb edən qanunvericilik, Rüşvət və korrupsiya barədə məlumat verən şəxslər üçün hüquqi müdafiə, Hakimiyyətin maddi maraqlı şəxslərin məhdud dairəsi tərəfindən uzurpasiyası, İctimai-siyasi problemlər və hökumətin fəaliyyəti barədə məlumat əldə etmək.
Korrupsiyalaşmamış ölkələr kimi tanınanlar: Danimarka, Finlandiya, Yeni Zelandiya, Norveç, Sinqapur, İsveç, İsveçrə, Niderland, Almaniya, Lüksemburq.
Ən çox korrupsiyalaşmış ölkələr: Somali, Venesuela, Suriya, Cənubi Sudan, Yəmən, Şimali Koreya, Nikaraqua, Haiti, Qvineya, Türkmənistan.
Ermənistan 62 - ci, Gürcüstan 49 – cu, İran 149 - cu, Türkiyə 115 – ci, Rusiya 141-ci yeri tutub.