Avropa İttifaqı Azərbaycanda jurnalistlərin və siyasi fəalların həbsi ilə bağlı sonuncu faktları necə qiymətləndirir? "Amerikanın Səsi" radiosunun Azərbaycan xidmətinin bu sorğusuna cavabda Avropa İtifaqının Xarici Siyasət və Təhlükəsizlik Siyasəti Xidmətinin spikeri Piter Stano belə cavab verib:
"Fikri ifadə etmək azadlığı və müstəqil KİV-lər hər yerdə və hamı üçün tətbiq olunan universal dəyərlərdir. Azərbaycanda insan hüquqları sahəsində vəziyyət və müstəqil KİV-lərin vəziyyəti bizim dəfələrlə azərbaycanlı həmkarlarımız qarşısında qaldırdığımız narahatlıq doğuran məsələ olaraq qalır.
Biz Azərbaycanı KİV azadlığı və insan hüquqları ilə bağlı daxili və beynəlxalq öhdəliklərinə riayət etməyə çağırmaq üçün istənilən fürsətdən istifadə edirik. 21 dekabr 2023-cü il tarixində verdiyimiz bəyanatda da bunu qeyd etdik.
İnsan hüquqları və qanunun aliliyinə hörmət Avropa İttifaqının Azərbaycanla münasibətlərinin əsasını təşkil edir. Aİ hesab edir ki, ədalətli məhkəmə təhqiqatı və lazımi hüquqi prosedur hüququ da daxil olmaqla, əsas hüquqlara hörmət sabitlik və firəvanlıq üçün böyük əhəmiyyət kəsb edir.
Aİ insan hüquqları üzrə illik Aİ-Azərbaycan dialoqu da daxil olmaqla, Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin inkişafı ilə bağlı məsələləri qaldırmaq fürsəti verilən bütün forumlarda iştirak etməyə davam edəcək".