Dünya Miyatoviç AŞPA-nın qış sessiyasında sonuncu dəfə Avropa Şurasının insan hüquqları üzrə komissarı kimi çıxış edib. Çıxışda o, Cənubi Qafqazdakı vəziyyətə və oktyabrda bölgəyə etdiyi səfərlərə toxunub.
Miyatoviç vurğulayıb ki, onilliklər ərzində ilk dəfədir ki, belə bir insan haqları missiyası Dağlıq Qarabağa səfər edə bilib.
Miyatoviç hazırda dünyanın müxtəlif kənarlarında hərbi münaqişələrin olmasından narahatlığını ifadə edib və qeyd edib ki, bu münaqişələr zamanı fundamental insan hüquqları pozulur.
Dunya Miyatoviç (Avropa Şurasının insan haqları üzrə komissarı) - Ermənistanla Azərbaycan arasında uzun müddət davam edən münaqişə zamanı ciddi insan haqları pozuntuları baş verib. Ümid erdirik ki, bu, həmin münaqişənin son fəsli idi. Bir neçə gün əvvəl mən hesabat dərc etdirərək vurğulamışdım ki, Qarabağ regionu ətrafında münaqişədən zərər çəkmiş bütün şəxslərin insan hüquqlarının səmərəli müdafiəsi sülh prosesinin uğurunun açarıdır. Müharibə və münaqişə zonalarında insan hüquqlarının vəziyyəti ilə yanaşı, həll edilməli olan digər ciddi problemlər də var.
Miyatoviç əlavə edib ki, qanunun aliliyi sivilizasiyaların ən böyük nailiyyətlərindən biridir və bəşəriyyəti diktaturadan və zülmdən qoruya biləcək antidotdur.