Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinə xitam verilməsi məsələsini müzakirə etməyi planlaşdırır. Məlumat AŞPA X-in səhifəsində dərc olunub. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri öhdəliklərin yerinə yetirilməməsi, habelə əməkdaşlığın olmaması kimi mühüm əsaslarla mübahisələndirilib. AŞPA-nın mətbuat xidmətindən verilən məlumata görə, müzakirələrdən sonra müvafiq qərar çərşənbə günü veriləcək.
Etiraz təklifi ilə Almaniya parlamentinin deputatı Frank Şvabe çıxış edib. Siyasətçinin sözlərinə görə, bu gün Azərbaycanın daxili siyasətində dramatik eskalasiya var, burada siyasi məhbusların sayı artıb, 100 mindən çox insan Dağlıq Qarabağdan məcburi köçkün düşüb. “Bizim assambleyanın spikerlərinə 2023-cü ildə üç dəfə Laçın dəhlizinə getmək imkanı verilməyib. Bu gün isə Avropa Şurası Azərbaycan prezidentinin seçkilərini izləmək üçün dəvət almır”, - deyə deputat bildirib. Şvabenin sözlərinə görə, bu, bütün əməkdaşlıq qanunlarının açıq-aşkar və bağışlanmaz pozulması, Avropa Şurasına xələl gətirmək və bütün digər təşkilatlara, o cümlədən ATƏT-ə qarşı fəaliyyət göstərmək cəhdidir. Onun fikrincə, bütün bunlara görə birbaşa Azərbaycan nümayəndə heyəti məsuliyyət daşımalı, onun səlahiyyətləri dayandırılmalıdır. Şvabe AŞPA üzvlərinə aydın cavab verməyə çağırıb. Sədrin təklifindən sonra zalda iştirak edən deputatların böyük səs çoxluğu ilə məsələ AŞPA-nın monitorinq komitəsinin müzakirəsinə çıxarılıb.
Yanvarın 24-ü axşam keçiriləcək debatlar zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması və ya ratifikasiyası məsələsi müzakirə olunacaq. AŞPA-nın mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiyası, səlahiyyətlərinin dayandırılması və ya qismən dayandırılması barədə qərar qəbul edilə bilər. O vaxta qədər Azərbaycan nümayəndə heyəti sessiyalarda iştirak edə bilər, lakin onların sualları üzrə səsvermədə iştirak etmək hüququ olmayacaq.