Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibə verib.
Müsahibədə o qeyd edib ki, Azərbaycan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün Ermənistanla müxtəlif məkanlarda xoşniyyətli danışıqlar aparır.
“Biz həqiqətən də sülh sazişinin imzalanması üçün tarixi şansın olduğuna inanırıq və bu fürsəti əldən verməməliyik. Sülh sazişinin mətni ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub, ancaq hələ də həllini gözləyən bir neçə məsələ mövcuddur”.
Hacıyev əlavə edib ki, hazırda biz sülh sazişinin bağlanmasına ciddi maneə görmürlər.
“Sərhədin delimitasiyası texniki və vaxt aparan uzun prosesdir, sülh sazişi isə çətin deyil və sadəcə olaraq, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinin qarşılıqlı şəkildə qəbul olunmasına əsaslanır. Fikrimizcə, sülh sazişi sərhədin delimitasiyasından asılı olmamalıdır. Sülh sazişi ilə sərhədin delimitasiyası və demarkasiyası barədə danışıqlar paralel getsə də, bunlar iki fərqli formatda aparılır”,- deyə o qeyd etdi.