Rusiyanın xarici işlər naziri Sergey Lavrov “TASS”-a müsahibəsində qeyd edib ki, Moskva Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazasının yaradılmasının məqsədəuyğunluğu ilə bağlı müzakirələri zərərli hesab edir.
“Onun yerləşdirilməsi haqqında saziş 1995-ci il martın 16-da milli maraqları rəhbər tutaraq və Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsi məqsədilə imzalanıb. Bizim silahlı qüvvələrimiz regionda sülhün təmin olunmasının əsas komponentidir”, - Lavrov bildirib.
O, son vaxtlar Yerevanın NATO və onun ayrı-ayrı üzv dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməsindən narahatlığını ifadə edib.
“Bu il Ermənistan alyansla bir neçə tədbirdə iştirak edib. Yerevan silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməyə davam edir və onun hərbi personalı Şimali Atlantika blokunun bəzi ölkələrində hazırlanır. Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini möhkəmləndirməkdir”, - nazir bildirib.
O ümid edib ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır.