Ermənistan-Azərbaycan normallaşması üçün səyləri dəstəkləməyə davam edəcəyik.
Bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Gürcüstanın “Birinci Kanalı”na müsahibəsində bildirib.
Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşdüyünü qeyd edən Kolomina bildirib ki, bu yaxınlarda həm nazirlərlə, həm də müxtəlif vaxtlarda hər iki ölkənin rəhbərləri ilə görüşüb.
Mümkün sülh sazişinin Cənubi Qafqaz regionu üçün roluna toxunan NATO rəsmisi Ermənistanın hökumət rəhbəri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı birgə bəyannaməyə kifayət qədər nikbin baxdığını deyib:
“Biz bunun çox yaxşı xəbər olduğuna inanırıq. Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına çox böyük dəstək vermişik. İki ölkə arasında normallaşma istiqamətində Avropa İttifaqı (Aİ), ABŞ və ya Ermənistanla Azərbaycan arasında ikitərəfli qaydada həyata keçirilən səyləri dəstəkləyirik”, - Xavier Kolomina əlavə edib.
“Biz bu səyləri dəstəkləməyə davam edəcəyik və daha yaxşısına ümid edəcəyik”, - Kolomina vurğulayıb.