Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası ölkədə seçki kampaniyası üçün demokratik şəraitin olmadığını bildirərək növbədənkənar prezident seçkilərində iştirakdan imtina edib.
Bu qərar dekabrın 17-də partiya Ali Məclisinin sessiyasında qəbul edilib, şənbə günü isə partiyanın V növbədənkənar qurultayında təsdiq edilib.
Bütün səviyyələrdə seçki komissiyalarının hakim qüvvənin nəzarəti altında olduğu və ölkədə azadlıqların məhdudlaşdırıldığı bir şəraitdə seçkilərdə iştirak bütün mənasını itirir, - partiya sədri Mirmahmud Mirəlioğlu Turan-a bildirib.
Xatırladaq ki, dekabrın 15-də müxalifətyönlü Müsavat Partiyası ədalətli rəqabət üçün şəraitin olmadığını bildirərək seçkilərdə iştirakdan imtina edib.
Dekabrın 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyası da prezident seçkilərini boykot etmək qərarına gəlib və bunu azad və ədalətli seçkilər üçün şəraitin olmaması ilə izah edib.