Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) tərk etmək fikrində deyil.
Bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin TASS-a müsahibəsində bildirib.
Səfir edib ki, Ermənistan nümayəndələrinin Təşkilatın iclaslarında iştirak etməməsinə baxmayaraq, ölkənin KTMT-dən çıxması məsələsi gündəmdə deyil:
"Biz ilk növbədə Ermənistan rəhbərliyinin rəsmi bəyanatlarına diqqət yetiririk, ona görə Ermənistanın Təşkilatdan çıxması məsələsi hazırda gündəmdə deyil. Bildiyiniz kimi, Ermənistan gələn il Avrasiya İqtisadi Birliyinə sədrlik edəcək”, - diplomat əlavə edib.
O qeyd edib ki, Rusiya və Ermənistan hərbi-texniki əməkdaşlıq sahəsində yeni sazişləri müzakirə edir.
“Bəzi müqavilələrdə, həqiqətən də, Rusiya müəssisələrinin dövlət müdafiə sifarişini yerinə yetirmək üzrə öhdəlikləri ilə bağlı məsələlər var, lakin bu, Rusiya və Ermənistanın müvafiq idarələri arasında dialoqda həll olunan işçi məsələlərdir”, – deyə səfir deyib.
Kopırkinin sözlərinə görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində bağlanmış demək olar ki, bütün müqavilələr vaxtında və yüksək keyfiyyətlə tamamlanıb.
Səfir vurğulayıb ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq uzunmüddətli ənənəyə malikdir və Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında hərbi-texniki əməkdaşlığın inkişafına dair 25 iyun 2013-cü il tarixli sazişə əsaslanır.