Dekabrın 22-də yerli hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Şahin Verdiyev Penitensiar Xidmətin Gəncə şəhərindəki 2 saylı İstintaq Təcridxanasında intihara cəhd edib. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ittiamına etiraz əlaməti olaraq bu addımı atıb, bu barədə Turan-a onun anası Seminarə Cəfərova bildirib.
"O, səhər saatlarında özünü asaraq intihara cəhd edib, amma ip qırılıb. Bundan sonra kamera yoldaşı onun təkrarən özünü asmasına imkan verməyib", deyə o bildirib.
Məhbusun vəkili Elçin Sadıqov müvəkkilinin intihara cəhd etməsi ilə bağlı Penitensiar Xidməti məlumatlandırdığını bildirib.
"Şahin Verdiyev daha əvvəl 2018-ci ilin iyulunda Gəncədə baş verən hadisələrlə bağlı həbs edilib. O, həbs edilən zaman ağır işgəncələrə məruz qalıb və səhhətində ciddi problemlər yaranıb. Bir il sonra o, azad edilib.
İndi də, bu ilin martında dindarlarla bağlı iş üzrə həbs edilib. Məhkəmədə bildirdi ki, onu yenə döyüblər və müalicə müəssisəsində müalicə olunub", deyə vəkil bildirib.
Şahin Verdiyev 2018-ci ildə Gəncənin o vaxtkı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddən bir həftə sonra şəhərdə baş verən iğtişaşlarla bağlı iş üzrə saxlanılıb. Sonradan o, məhkəmədə polis bölməsində işgəncələrə məruz qaldığını bildirib. O, elektroşok vasitəsilə bədəninə cərəyan verildiyini, suda boğulduğunu, dəyənəklə, stulun ayaqlarıyla döyüldüyünü bildirib. "Bütün bunlar yalan ifadəyə imza atmağım üçün idi", deyə Vəliyev bildirib.
Hüquq müdafiəçiləri ilk iş üzrə də, hazırkı iş üzrə də onu siyasi məhbus kimi tanıyıblar.