Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan BBC-yə müsahibəsində Yerevanla Bakı arasında nizamlanma prosesinə, Cənubi Qafqazdakı inkişaflara toxunub. O qeyd edib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaqda maraqlı olduğunu bəyan edir, lakin təəssüf ki, söz kifayət etmir, hərəkətə keçmək lazımdır.
“Fakt budur ki, Azərbaycan sülh sazişini beynəlxalq ictimaiyyətin təklif etdiyi prinsiplər əsasında yekunlaşdırmaqdan çəkinir”, - nazir müavini vurğulayıb. O xatırladıb ki, Azərbaycan tərəfi nizamlanmaya yönəlmiş danışıqlarda iştirakdan dəfələrlə imtina edib.
Kostanyanın sözlərinə görə, Ermənistan tərəfi sülhün bərqərar olmasına, bu istiqamətdə müzakirələrin aparılmasına və qonşu Azərbaycanla münasibətlərin normallaşmasına sadiqdir. O vurğulayıb ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımalıdır və bu məsələdə qeyri-müəyyənlik olmamalıdır.
“Alma-Ata bəyannaməsinə uyğun olaraq dəqiq sərhəd olmalıdır. Həmçinin, nəqliyyat kommunikasiyalarının açılması prinsipləri ilə bağlı razılığa gəlmək lazımdır ki, bu məsələdə ölkələrin suverenliyinə hörmət edilsin”, - Kostanyan bildirib.
Kostanyan Azərbaycan tərəfinin Dağlıq Qarabağdan məcburi köçkün düşmüş ermənilərin öz evlərinə qayıda biləcəyi və Azərbaycanın onların təhlükəsizliyini təmin etməyə hazır olduğu barədə bəyanatlarına toxunaraq vurğulayıb: “Ata-baba yurdunu tərk edən ermənilərin heç biri ora qayıtmayıb, qeyd etmək olar ki, onlar təhlükəsizlik təminatı görmürlər”.