"Azərbaycan hakimiyyəti tanınmış müxalifət lideri və hökumətin yorulmaz tənqidçisi Tofiq Yaqublunu qondarma dələduzluq və sənəd saxtalaşdırma ittihamı ilə həbs edib. Bu, Azərbaycanda jurnalistləri və hökumətin tənqidçilərini hədəfə alan həbs dalğası çərçivəsində baş verir". Bu bəyanatla dekabrın 19-da "Human Rights Watch" insan haqları təşkilatı çıxış edib.
"Azərbaycan hakimiyyəti hökumətin opponentlərinə, jurnalistlərə və digər tənqidçilərə hücumu davam etdirir. Tofiq Yaqublunun həbsi ölkədə tənqidi səslərin susdurulması tendensiyasının davamıdır", -- qurumun Avropa və Orta Asiya üzrə direktor müavini Giorqi Qoqiya deyib.
Yaqublu barəsində sənəd saxtalaşdırma və dələduzluq ittihamları ilə dörd aylıq həbs qətimkan tədbiri seçilib. "Human Rights Watch" qeyd edir ki, müxalifətçi barəsində əsaslandırılmamış şəkildə, formal əsasla həbs-qətimkan tədbiri seçmək Avropa İnsan Haqları Konvensiyasının qanunsuz saxlamaya qarşı standartlarını pozur.
"Azərbaycan hökumətinin tənqidçilərinə qarşı əcinnə ovu onun azad sözə və insan haqlarının qorumasına qarşı hörmətsizliyinin göstəricisidir. Hakimiyyət Yaqublunu dərhal azad etməli, tənqidçi jurnalistlər və müxalifət fəallarına qarşı təzyiqləri dayandırmalıdır", - Qoqiya vurğulayıb.