Çətin beynəlxalq şəraitdə KTMT kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi və üzv dövlətlərin qanuni maraqlarının təmin edilməsi yolunu əzmlə və ardıcıl olaraq saxlayıb. Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov KTMT Şurası və Parlament Assambleyasının birgə iclasında deyib.
O, məlumat verib ki, Şura KTMT-nin əməliyyat imkanlarını artıran sənədlər paketini qəbul edib. Baş katibin sözlərinə görə, bu ilin mühüm nailiyyətlərindən biri böhrana cavab sisteminin inkişafı üzrə tədbirlər haqqında qərarın hazırlanması və qəbul edilməsi olub.
Tasmaqambetov onu da qeyd edib ki, 2024-cü il üçün KTMT Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan ərazisində 7 birgə hərbi təlim keçirməyi planlaşdırır.
KTMT Parlament Assambleyasının sədri, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin də bioloji təhlükəsizliyin tezliklə KTMT-yə üzv dövlətlər arasında rəsmi əməkdaşlıq sahəsinə çevrilə biləcəyini açıqlayıb.
"Ölkələrimizin sərhədlərinin yaxınlığında qadağan olunmuş hərbi bioloji tədqiqatların aparılması Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün ölkələrində insanların həyatına təhlükə yaradır", - Volodin bildirib.
Xatırladaq ki, Ermənistan tərəfi KTMT-nin birgə iclasında iştirak etmir.