Dekabrın 15-də Müsavat Partiyasının İdarə Heyəti ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə edib və növbədənkənar prezident seçkilərində iştirakdan imtina etmək qərarına gəlib.
Partiyanın mətbuat xidmətinin məlumatında deyilir ki, əvvəlcə Müsavat Partiyasının üzvü və Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun həbsi məsələsinə baxılıb.
Yaqubluya qarşı cinayət təqibi cəmiyyətdə qorxu yaratmaq üçün Müsavat Partiyasına və ümumilikdə, müxalifətə qarşı təzyiq kimi qiymətləndirilib. Partiya Yaqublunun azad edilməsini tələb edib.
İclas iştirakçıları son vaxtlar 10-a yaxın jurnalistin, o cümlədən Turan agentliyinin əməkdaşı Hafiz Babalının həbsini pisləyiblər.
Müsavat Partiyası hesab edir ki, bu həbslər söz və media azadlığına təzyiqin davamıdır.
Partiya həbs olunan bütün jurnalistlərin və siyasi məhbusların azaldığa buraxılmasını tələb edib.