Bakıda keçirilən görüşdən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov birgə mətbuat konfransı keçirib.
Fidan Azərbaycanı “ərazi bütövlüyünü bərpa etdiyinə görə bir daha təbrik edib və qeyd edib ki, hazırda regionda sülhün bərqərar olması üçün tarixi fürsət yaranıb və bu fürsəti əldən vermək olmaz”. O, Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinin müsbət dinamikasını alqışlayıb.
“Cənubi Qafqazda sülh bütün oyunçuların maraqlarına uyğundur. Ona görə də bütün tərəflər sülh və nizamlanma mühitinin yaradılması üçün səy göstərməlidirlər”, - deyə türk diplomat bildirib.
Onun sözlərinə görə, bütün qeyri-regional aktorlar regionun balansını qoruyan və tənzimləməni təşviq edən siyasət aparmalıdırlar.
“Biz son qərarı da alqışlayırıq, ona əsasən iki ölkə arasında etimadın artırılması üçün bir sıra addımlar atılacaq. Biz istəyirik ki, belə addımlar davam etsin və hərtərəfli sülh sazişinə yol açsın. Düşünürük ki, təxribatçı addımlarla prosesə xələl gətirməyə çalışan dairələr bu razılaşmadan özlərinə bir mesaj almalıdırlar.
Biz hər zaman deyirik ki, Azərbaycanla Ermənistan arasındakı prosesdə təmin olunacaq irəliləyiş Türkiyə ilə Ermənistan arasındakı nizamlanma prosesinə də müsbət əksini tapacaq. Biz regional sabitliyə və sülhə həmişəkindən daha yaxınıq. Bu fürsəti ən yaxşı şəkildə dəyərləndirmək üçün qardaş Azərbaycanla sıx koordinasiyanı fasiləsiz davam etdirəcəyik”, - deyə Fidan bildirib.