Azərbaycan danışıqlar masasına qayıtmalıdır. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Estoniya xarici işlər naziri ilə birgə mətbuat konfransı zamanı deyib.
“Hesab edirəm ki, Azərbaycan danışıqlar masasına, görüş formatına, prosesə qayıtmalıdır.
Bizim bir neçə dəfə demək fürsətimiz olub ki, işin böyük hissəsi görülüb, əslində, əgər söhbət müqavilədən gedirsə, indi görüşmək və razılığa gəlmək, mühüm məsələləri yekunlaşdırmaq lazımdır”, - deyə Mirzoyan qeyd edərək əlavə edib ki, danışıqların əsas məsələsi məzmundur.
“Formatlar məsələsinə çox diqqətlə baxsaq, bizim son 2-3 illik danışıqlarımız ikitərəfli olub, ən azı belə bəyan etmişik, onlara beynəlxalq aktorlar kömək edib. Hesab edirik ki, biz belə davam etməliyik, bu formatlar müəyyən dərəcədə öz effektivliyini göstəriblər.
Mən bayaq dedim ki, işin böyük hissəsi, mən deyərdim ki, ən böyük hissəsi, artıq görülüb, geriyə qayıdıb qəbul edilmiş mexanizmlərlə işləməyə davam etsək, tez nəticə əldə edə bilərik. Görmək istədiyimiz çatışmayan komponent Azərbaycan rəhbərliyinin siyasi iradəsidir və ümid edirəm ki, bunu görəcəyik”, - nazir bildirib.