1988-ci il dekabrın 7-də yerli vaxtla saat 11:41-də Ermənistanın şimal-qərb hissəsində 6,8-7,2 bal gücündə dağıdıcı zəlzələ baş verib. Güclü yeraltı təkanlar nəticəsində 1 milyona yaxın insanın yaşadığı Respublikanın demək olar ki, bütün şimal hissəsi yarım dəqiqə ərzində dağıdılıb. Zəlzələnin episentri Spitakda yeraltı təkanların gücü 9-10 bala çatıb.
Zəlzələ nəticəsində Spitak şəhəri və 58 kənd tamamilə dağılıb, Leninakan (indiki Gyumri), Stepanavan, Kirovakan (indiki Vanadzor) şəhərləri və 300-dən çox yaşayış məntəqəsi qismən dağılıb.
25 min insan həlak oldu. 514 min insan evsiz qaldı. Dağıntılar altından 45 min nəfər sağ çıxarılıb, 12 min 500 nəfər xəstəxanaya yerləşdirilib.
Zəlzələ nəticəsində Ermənistan SSR-in sənaye potensialının təxminən 40%-i sıradan çıxıb. Maddi zərərin dəyəri 10 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
Zəlzələdən sonra 113 ölkə Sovet İttifaqına xilasedici avadanlıq, axtarış qrupları və tibbi ləvazimat şəklində əhəmiyyətli miqdarda humanitar yardım göndərdi.
2019-cu ildən 7 dekabr Ermənistanda zəlzələ qurbanlarının anım günü və fəlakətlərlə mübarizə günü kimi qeyd olunur.