Avropa İttifaqı Azərbaycanın 2023-cü ilin sentyabrında Dağlıq Qarabağda həyata keçirdiyi hərbi əməliyyatı pisləyib, qurbanlar və Qarabağ ermənilərinin kütləvi köçkünə görə təəssüfləndiyini bildirib. Bunu Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ deputatlarından birinin yazılı sualına cavab verərkən deyib.
“Aİ Qarabağ ermənilərinə humanitar yardım göstərmək üçün səylərini səfərbər edir. 2023-cü ilin oktyabrında Avropa Komissiyası 12 milyon avrodan çox əlavə humanitar yardımın ayrıldığını elan etdi.
Aİ Azərbaycanı Qarabağ ermənilərinin hüquqlarını, o cümlədən köçkünlərin öz evlərinə qayıtmaq hüququnu qorumağa və təmin etməyə çağırır. Yerli ermənilərin əmlakı və mədəni irsi qorunmalıdır. BMT-nin Dağlıq Qarabağdakı iki missiyasından sonra Aİ orada daimi beynəlxalq iştirak təmin etməyə çağırır”, - Borrell bildirib.
O əlavə edib ki, Azərbaycanla enerji sahəsində əməkdaşlıq Aİ-nin enerji təchizatının diversifikasiya siyasətinə töhfə versə də, Aİ strukturları vəziyyəti yerində müşahidə etməkdə davam edir və vəziyyətin, o cümlədən Ermənistan ərazisinə qarşı daha da gərginləşməsindən çəkinmək barədə xəbərdarlıq ediblər.
"Aİ-nin ümumi məqsədi Ermənistan və Azərbaycan arasında sabit sülhün bərqərar olmasıdır", - Borrell yekunlaşdırıb.