Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlər güc tətbiq etməkdən çəkinməyə sadiq olduqlarını təsdiqləyir və öz aralarında və digər dövlətlər arasında bütün mübahisələri sülh yolu ilə həll etmək niyyətindədirlər. Bu barədə qurumun saytında dərc olunan KTMT Şurasının bəyanatında deyilir.
Sənəddə həmçinin “BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq ayrılmaz fərdi və kollektiv özünümüdafiə hüququ” vurğulanır və KTMT ölkələrinin “Təşkilat məsuliyyət zonasında təhlükəsizliyin qorunması və sabitliyi pozan təsirlərin qarşısının alınması üçün birgə fəaliyyəti davam etdirmək” niyyəti ifadə edilir.
Bundan əlavə, bəyannamədə deyilir ki, “dünyada silahlı münaqişələrin həlli və vəziyyətin sabitləşdirilməsi təhlükəsizlik sahəsində ölkələrin maraqlarını nəzərə almaqla, BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsiplərinə, habelə təhlükəsizliyin bölünməzliyi prinsipinə əsaslanan bütün siyasi-diplomatik vasitələr kompleksindən istifadə etməklə mümkündür”.
Xatırladaq ki, KTMT-yə üzv dövlətlərin başçılarının, xarici işlər nazirlərinin, müdafiə nazirlərinin və KTMT təhlükəsizlik şuraları katiblərinin noyabrda Minskdə keçirilən iclaslarında Ermənistan nümayəndələri iştirak etməyiblər.