Birləşmiş Ştatlar Azərbaycanda jurnalistlərin davam edən həbslərindən dərin narahatlıq hissi keçirdiyini bildirib. Son 10 gündə artıq müstəqil mətbuatdan beş jurnalist həbs edilib.
Cümə günü Bakıda məhkəmə Abzas Media-nın jurnalisti Nərgiz Absalamovanı özünün rədd etdiyi xarici valyuta qaçaqmalçılığı ittihamı ilə üç ay müddətinə həbs edib.
"Biz ilkin hesabatları gördük. Əvvəlki kimi, Azərbaycanda jurnalistlərin həbsindən dərin narahatlıq hissi keçiririk", deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
"Biz Azərbaycan hökumətini israrla insan hüquq və əsas azadlıqlarına, o cümlədən fikri ifadə etmək azadlığını həyata keçirənlərin hüquq və azadlıqlarına hörmət etməyə çağırırıq", - deyə o qeyd edib.