Dekabrın 1-də Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Bu barədə “Turan” agentliyi məlumat yayıb. Yeni siyahıya 254 nəfərin adı daxildir. Son iki ayda siyasi məhbusların sayı 19 nəfər artıb.
Siyahıya 5 nəfər KİV nümayəndəsi, əsasən “Abzas Media” İnternet- nəşrinin direktoru və onun müavini Ülvi Həsənli və Məhəmməd Kekalov, həmin resursun baş redaktoru və əməkdaşı Sevinc Vaqifqızı və Nərgiz Absalamova, həmçinin Kanal-13 İnternet televiziyasının rəhbəri Əziz Orucov daxil olub.
Siyahıda yeni olanlardan biri Azərbaycanın Ləyaqətli Oğullarının Birliyi Partiyasının sədri Rza Səfərsoy da daxil edilib. O, qanunsuz silah saxlamaqda ittiham olunaraq həbs edilib. Lakin hüquq müdafiəçilərinin fikrincə, o, sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, siyasi məhbus Elnur Həsənov yol polisini tənqid etdikdən sonra narkotik maddə alveri ittihamı ilə həbs olunub.
Şiə dindarlar arasından 12 dini fəal narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.
Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib ediblər.