Azərbaycanda mətbuat tərəfindən cinayətlərinin üstü açılan korrupsioner elitanı yox, jurnalistləri həbsxanaya atırlar. Müstəqil səsləri boğmaq məqsədilə qəbul edilmiş Media haqqında yeni qanun artıq hakimiyyətə yetərli görünmür və o, ölkədəki son müstəqil medianı sıxışdırır. “Turan” agentliyinə əsasən, bu barədə "Abzas Media" onlayn resursunun rəhbərliyinin həbsilə bağlı noyabrın 24-də "Sərhədsiz reportyorlar"ın saytında dərc edilmiş bəyanatda deyilir.
"Sərhədsiz reportyorlar” vəziyyətin pisləşməsi barədə beynəlxalq birliyi xəbərdar edir və Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalovun azad edilməsinə çağırır", - bəyanatda qeyd olunub.
"Qorxutmalar və redaksiyanın fəaliyyətinə maneələr davam edir. “AbzasMedia” ilə əməkdaşlıq edən digər iki jurnalist Sahilə Aslanova və Nərgiz Absalamanova noyabrın 23-də şahid qismində 3 saatdan çox dindiriliblər.
Polis ofislərdəki kilidləri dəyişdirərək jurnalistləri iş yerinə girişdən məhrum edib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti jurnalistləri nüfuzdan salmaq üçün kampaniyalar təşkil edir
“AbzasMedia” jurnalistlərinin həbsindən sonra "Sərhədsiz reportyorlar" da absurd və yalan şayiələrin obyekti oldu. Bu ittihamlar hökumətyönlü Report Agentliyi tərəfindən dərc edilib və digər təbliğatyönlü KİV tərəfindən yayılıb.
Azərbaycanda mətbuat azadlığının vəziyyəti pisləşir. 2022-ci ilin fevralında yerli Konstitusiyanın və Bakının ratifikasiya etdiyi beynəlxalq müqavilələrin pozulması ilə qüvvəyə minən Media haqqında qanun son müstəqil xəbər saytlarının sıxışdırılmasına yönəlib, bəyanatda deyilir.