HƏMAS əsirlərin ilk qrupunu azad edib. İsrail Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağından İsrailə gedən 24 girov, o cümlədən qadınlar, uşaqlar, xarici vətəndaşlar, xəstəxanalara aparılıblar. Yəhudi dövlətinə təhvil verilən girovlar arasında ABŞ vətəndaşı yoxdur.
ABŞ prezidenti Co Bayden Qəzza zolağında atəşkəs rejiminin uzadılması üçün real imkanın olduğu fikrini bildirib. O, beynəlxalq ictimaiyyəti qətiyyət nümayiş etdirməyə və İsrail-Fələstin münaqişəsinin “iki dövlət” formulası ilə həllinə nail olmağa çağırıb.
“The Times of Israel” yazır ki, İsrail hakimiyyəti Qəzza zolağında saxlanılan və bu gün azad ediləcəyi gözlənilən girovların yeni siyahısını əldə edib.
TSAHAL-ın məlumatına görə, hazırda Qəzza zolağında 215 girov var. İsrail ordusu da hərbçilərin Qəzza zolağındakı mövqeləri tərk etmədiyini və humanitar fasilədən sonra tezliklə hərbi əməliyyatların bərpasına hazırlaşacağını açıqlayıb.
İsrail tərəfi atəşkəs elan edilməsinə baxmayaraq, İsrailin şimalında havadan bombardman siqnallarının verildiyini də bildirib. Daha sonra TSAHAL Livan ərazisindən atılan raketin vurulduğunu bildirib. Hərbçilərin “Hizbullah”ın infrastrukturuna cavab zərbəsi endirdiyi bildirilir.