Minskdə KTMT ölkələrinin liderlərinin görüşü başlayıb. Ermənistan tərəfi sammitdə iştirak etmir. Iclasın ərəfəsində Belarusun xarici işlər naziri bəyan edib ki, hazırda KTMT-də əsas şey bütün üzvlərin həmrəyliyi və birliyidir. Sergey Aleynikin sözlərinə görə, dünənki müzakirələrdə KTMT dövlətlərinin nümayəndələri bu gün dövlət başçılarına təqdim olunacaq bir sıra sənədləri razılaşdırıblar.
O qeyd edib ki, erməni tərəfinin iştirak etməməsinə baxmayaraq, sammitdə qəbul edilən bütün qərarlar legitim olacaq. “Mən erməni həmkarım Ararat Mirzoyanla telefon danışığım oldu, digər məsələlərlə yanaşı, qərar qəbuletmə mexanizmlərini də müzakirə etdik. Razılaşdıq ki, sammitdən sonra KTMT-nin baş katibi Yerevana gedəcək və bütün yekun qərarları erməni tərəfdaşlarına çatdıracaq. Ümid edirik ki, onlar da həmin sənədlərə qoşulacaqlar”, - deyən Aleynik Ermənistan nümayəndə heyətinin Minskdə olmamasının sakitliklə qarşılanmalı olduğunu bildirib.
Bundan əvvəl alyansın baş katibi məlumat vermişdi ki, erməni tərəfi Ermənistana yardım haqqında sənədin KTMT-nin gündəliyindən çıxarılmasını xahiş edib. Struktur katibliyinin bəyanatına görə, bununla belə, Ermənistana KTMT müşahidə missiyasının göndərilməsi ilə bağlı qərar layihəsi üzərində iş davam edir.