Ermənistan Cənubi Qafqazla bağlı bəyanat layihəsinin KTMT-nin müzakirəsindən çıxarılmasını təklif edib, bu barədə təşkilatın katibliyinin şərhində deyilir.
“KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabr sessiyasının qərarlarının yerinə yetirilməsi və Belarus Respublikasının sədrliyi dövründə təşkilatın fəaliyyətinin prioritet istiqamətlərinin həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq, Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi ilə bağlı iki sənəd imzalanıb. Söhbət KTMT Şurasının “Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” qərarının layihələrindən və “Regionda sülhün əldə olunması üçün səylərin dəstəklənməsi – Təşkilatın üzvü olan dövlətlərin xarici işlər nazirlərinin bəyannaməsi”ndən gedir.
KTMT-nin nizamnamə orqanlarının Minskdə keçiriləcək iclasları ərəfəsində erməni tərəfi bəyannamə layihəsinin müzakirədən çıxarılmasını təklif edib.
Şuranın Ermənistana monitorinq missiyasının göndərilməsi və digər əməli tədbirlərin həyata keçirilməsi ilə bağlı qətnamə layihəsi üzərində iş davam edir”, - məlumatda deyilir.