“Azərbaycanla sülh müqaviləsinin yaxın aylarda imzalanması üçün siyasi iradəmiz var”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, bu siyasi iradə sarsılmazdır.
“Azərbaycanla sülhün üç əsas prinsipi razılaşdırılıb. Bu razılaşma danışıqlar zamanı, o cümlədən Brüsseldə üçtərəfli görüşlər zamanı əldə edilib”, - Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, söhbət ərazi bütövlüyünün qarşılıqlı tanınmasından, bir-birinə qarşı ərazi iddiasının olmamasından gedir.
N.Paşinyan deyib ki, digər prinsip suverenliyin və yurisdiksiyanın tanınması əsasında regional kommunikasiyaların açılmasıdır.
“Əgər prinsiplər razılaşdırılıbsa, sülh müqaviləsini niyə imzalamırıq? Bunun əsas səbəbi tərəflər arasında etimadın olmamasıdır. Hər dəfə biz Azərbaycanın bəyanatlarında, onlar isə bizim bəyanatlarda razılaşmadan imtina, aqressiv hərəkətlərin davamını görürük. Bu, mətnin üzərində işə neqativ təsir göstərir”, - Nikol Paşinyan deyib.
Bununla belə, o qeyd edib ki, bir sıra vacib bəndlərin razılaşdırılması lazımdır ki, bunlardan biri sülh müqaviləsi üzrə mübahisəli məsələlərin həlli üçün mexanizmin yaradılması, ikincisi təhlükəsizlik zəmanətlərinin yaradılmasıdır.