Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayenin ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı səsləndirdiyi fikirlərə toxunub və onları “qərəzli, səmərəsiz, əsassız və qəbuledilməzdir” adlandırıb.
“ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-nin təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatına gəlincə isə qeyd etmək lazımdır ki, münasibətlər birtərəfli ola bilməz. Beləliklə, eyni yanaşma Azərbaycan tərəfindən də bərabər şəkildə tətbiq olunacaqdır. Belə bir şəraitdə ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərinin mümkünlüyünü də yersiz hesab edirik”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Qeyd olunur ki, ABŞ-ın yanaşması Vaşinqtonun vasitəçilik rolunu itirməsinə səbəb ola bilər.
“Bu şərtlər daxilində Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində 20 noyabr 2023-cü il tarixində Vaşinqtonda təklif olunan görüşün keçirilməsini mümkün hesab etmirik”, - nazirlikdən vurğulanıb.
Azərbaycan XİN onu da bildirib ki, region ölkəsi olmayan ABŞ öz hərəkətləri və bəyanatları ilə region ölkələrinin nəqliyyat təhlükəsizliyini təmin etmək səylərinə zərbə vurur. “Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda, Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının prioritet olduğunu bir daha təsdiqləyir”, - deyə nazirlik əlavə edib.