Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirildi.
Dinləmədə şahid qismində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinin Avropa və Avrasiya bürosu üzrə köməkçisinin müavini Aleksander Sokolovksi iştirak ediblər.
ABŞ Dövlət Departamentinin nümayəndəsi O’Brayn giriş nitqində ölkə administrasiyasının hal-hazırda üç istiqamət üzrə iş gördüyünü bildirdi. O, Qarabağdan köçən ermənilərin evlərinə maneəsiz dönməsinin mümkünlüyü, o cümlədən onların mülklərinin və mədəniyyətinin qorunmasının bu istiqamətlərdən birincisi olduğunu vurğuladı.
O’Brayan deyib ki, Dövlət Departamentinin apardığı araşdırmanın predmeti yalnız Dağlıq Qarabağda sentyabr ayında baş verənlər deyil. Diplomat vurğulayıb ki, bu araşdırmada habelə Qarabağın bütün erməni əhalisinin bir neçə gün ərzində evlərini tərk etməsindən əvvəl aylar ərzində baş vermiş hadisələr təhlil edilir:
“Biz müstəqil təhqiqatçılar dəvət etmişik və hadisələrin yerində işləyən öz təhqiqatçılarımız var. Bundan başqa beynəlxalq qeyri-hökumət təşkilatlarının və başqa təhqiqatçıların informasiyaları var. Biz baş verənlərin hesabatını hazırladıqca bütün tapıntılarımız barədə tamamilə açıq olacağıq. Mən bu təhqiqatın nəticəsinin dəqiq vaxtını deyə bilmərəm, amma biz sizə bu iş irəlilədikcə məlumat verəcəyik”.
Daha sonra O’Brayn Ermənistan hakimiyyətinin xarici münasibətlərinin çoxşaxəli olmasına açıq olduğuna və ABŞ rəhbərliyinin bu istiqamətdə Ermənistana ehtiyac duyulan dəstəyin verilməsinə çalışdığını dedi.
Ceyms O’Brayan bildirib ki, Dövlət Departamenti Ermənistan hökumətinin islahatlara sadiqliyindən, habelə iqtisadi, enerji və təhlükəsizlik bağlarını, xüsusilə də Trans-Atlantik icma istiqamətində şaxələndimək səylərindən razıdır. Diplomatın sözlərinə görə ABŞ Ermənistana bu cəsarətli seçimlərində kömək etməlidir.
ABŞ dövlət katibi köməkçisinin müavini daha sonra fəaliyyətin üçüncü istimətinin tərəflərlə sülh sazişinin əldə edilməsi ilə bağlı ünsiyyətin saxlanılması olduğunu dedi.
“Biz sülhün əldə olunmasında yaxından cəlb olunmuşuq. Sentyabrdan bəri Bakı və Yerevana 13 yüksək səviyyəli səfərlər edilib. Biz eyni zamanda türkiyəli həmkarlarla yaxından çalışırıq. Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək”, – deyə O’Brayn əlavə etdi.
O, daha sonra konkret addımlar barədə məlumat verdi, birincisi, Dövlət Departamenti 907 saylı düzəlişi dondurmayacaq, bu isə Azərbaycana yardım göstərməyi mümkünsüz edir. Bundan əlavə, ABŞ tranzit dəhlizinin tikintisini sülh sazişi bağlandıqdan və Ermənistanın razılığından sonra mümkün hesab edir.
O’Brayen həmçinin bildirib ki, Vaşinqton hər yüksək səviyyəli təmasda Ermənistana qarşı güc tətbiqinin tamamilə qəbuledilməz olduğunu dəfələrlə açıq şəkildə bəyan edib. “Bakıdakı hakimiyyət bizi əmin etdi ki, onların belə bir niyyəti yoxdur və biz qoşunların hərəkətini və onların başqa planlarının ola biləcəyinə dair hər hansı əlaməti çox diqqətlə izləyirik”, o əlavə edib.
Ceyms O-Brayn bildirib ki, Azərbaycan və Ermənistan öz gələcəyini Rusiya-İran oxundan kənarda qura bilər: “Rusiya və İran oxu ətrafındakı gələcək düşünürəm ki, həm Azərbaycan, həm də Ermənistan hökuməti üçün qeyri-stabil və arzuedilməzdir. Onların indi fərqli qərar vermək fürsəti var. Mən qarşıdakı həftələrdə bizim daha ali səviyyəli iştirakımızı gözləyirəm”, – deyə o bildirib.