Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili Fransadan Ermənistana ölkəsi vasitəsilə hərbi texnikanın göndərilməsinə münasibət bildirib.
Gürcüstanın İctimai telekanalının efirindəki “Azad baxış” verilişinin aparıcısı nazirə Azərbaycan və daha sonra gürcü mediasında Fransadan Ermənistana Gürcüstan vasitəsilə zirehli texnikanın çatdırılması barədə məlumat paylaşıldığını və bunun Gürcüstanın Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyinə təsir edib-etməyəcəyini soruşub.
Nazir qeyd edib ki, Gürcüstan hər iki ölkəyə öz tranzit funksiyasından bərabər şərtlərlə istifadə etməsinə imkan verir.
Darçiaşvili, hər bir ölkənin müdafiə qüvvələrinə malik olmaq hüququnun olduğunu deyib. Nazir əlavə edib ki, ölkələrin beynəlxalq razılaşmalarla qadağan edilməyən konvensional silah və sursatları əldə etmək hüququ var.
“Gürcüstan hər iki ölkəyə bərabər şəraitdə ölkəmizin tranzit funksiyasından istifadə etmək imkanı yaradır ki, bu imkanla da ölkəmizdən tranzit məqsədilə istifadə edilsin. Vurğulamaq istəyirəm ki, bu, bərabər şərtlər əsasındadır. İstənilən ölkənin müdafiə qüvvələrinə malik olmaq hüququ var. Söhbət beynəlxalq razılaşmalarla icazə verilən konvensional texnika və ya silahlardan gedirsə, istənilən ölkənin onu əldə etmək hüququ var. Gürcüstanın mövqeyi ondan ibarətdir ki, hər iki ölkəyə bərabər şəraitdə ölkəmizin malik olduğu tranzit funksiyadan istifadə etmək imkanı versin. Müvafiq olaraq, bu, bizim məsələyə cavabımızdır və bu mövzuda əlavə eyham və ya söz-söhbət yersiz olar”, - Darçiaşvili bildirib.