Bu gün Brüsseldə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin sədrliyi ilə Xarici Əlaqələr Şurasının iclası keçiriləcək.
Şuranın iclasında Aİ ölkələrinin XİN rəhbərləri iştirak edəcəklər.
"Bu gün biz üç məsələyə diqqət yetirəcəyik: Ukrayna, Qəzzadakı vəziyyət, Azərbaycan və Ermənistan", - deyə Borel qeyd edib.
Aİ diplomatiyası rəhbərinin sözlərinə görə, nazirlər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti, xüsusilə Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını, həmçinin Aİ-nin Yerevana dəstəyini müzakirə edəcəklər.
Borel bildirib ki, Avropa İttifaqı “Azərbaycan tərəfindən respublikanın suverenliyinə və ərazi bütövlüyünə təhdidlərə” cavab olaraq Ermənistanda monitorinq missiyasını genişləndirə bilər.
Bundan əlavə, Aİ nümayəndəsinin sözlərinə görə, Ermənistanın sabitliyini möhkəmləndirməkdə, o cümlədən təhlükəsizlik sahəsində ona necə dəstək olmağı müzakirə edilir.