Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısı keçirilib və Azərbaycan prezidenti çıxış edib. İlham Əliyev bəyan edib ki, 2020-ci ildə Azərbaycan özünümüdafiə əməliyyatları həyata keçirib və müharibədə qalib gəlib.
“2023-cü il sentyabrın 19-20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini güc yolu ilə tamamilə bərpa etdi”, - deyə Azərbaycan prezidenti vurğulayıb.
O əlavə edib ki, Azərbaycan son illərdə nəqliyyat layihələrinə milyardlarla dollar sərmayə qoyub və Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Avrasiyanın logistik qovşaqlarından birinə çevrilib. “İki dəhlizin Azərbaycan hissələrinin tikintisi artıq başa çatıb. İndi biz onlardan keçən dəmir yollarının ötürücülük qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”, - Əliyev bildirib.
Türkiyə prezidenti bölgədə baş verən hadisələrə toxunub. Rəcəb Ərdoğan bəyan edib ki, Dağlıq Qarabağda baş verən proseslərdən sonra region addım-addım sabit sülhə yaxınlaşır.
“Ermənistan Azərbaycan qarşısında öhdəliklərini yerinə yetirərsə, proses asanlaşacaq. Yaxın gələcəkdə Azərbaycanın qərb bölgələri ilə Naxicevanı birləşdirəcək nəqliyyat kommunikasiyasının həyata keçirilməsi son dərəcə vacibdir”, - deyə Rəcəb Ərdoğan bildirib.