Noyabrın 1-3-də ABŞ-ın Avropa Komandanlığının dəvəti ilə Ermənistan Respublikası müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan ABŞ-ın Avropa Komandanlığının Ştutqartda yerləşən qərargahında olub. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.
“Noyabrın 3-də ABŞ-ın Avropa Komandanlığı komandanının müavini general-leytenant Stiven Başam ilə görüş keçirilib.
Görüş zamanı Ermənistan-Amerika hərbi əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə olunub.
General-leytenant Edvard Asryan ER Silahlı Qüvvələrində aparılan islahatların təfərrüatlarını və bu islahatlar zamanı ABŞ-dan gözlənilən dəstəyi təqdim edib.
General-leytenant Stiven Başam ABŞ-ın cari əməkdaşlıq proqramlarını dəstəkləməyə davam etməyə, eləcə də bir sıra sahələrdə əməkdaşlığın yeni istiqamətlərinə start verməyə hazır olduğunu bildirib.
Regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub”, - deyə məlumatda qeyd edilib.