Yeğeqnadzorda Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının qərargahının açılış mərasimi olub. Açılış mərasimində Missiyanın rəhbəri Markus Ritter çıxış edib.
O bildirib ki, Aİ-nin Ermənistandakı Missiyası bu ilin fevralında fəaliyyətə başlayan zaman iki daimi işçisi və üç sahə ofisi olub.
“8 aydan sonra Aİ-nin 23 dövlətindən göndərilmiş 93 missiya üzvü ilə yeni qərargahımızın qarşısında dayanıram. Bəzi çətinliklər olsa da, fəxrlə deyə bilərəm ki, Aİ missiyası tam fəaliyyət qabiliyyətinə çatmışdır.
Sentyabrın əvvəlində bizim Kapan, Goris, Cermuk, Yeğeqnadzor və İcevanda 6 ofisimiz var idi. Patrullarımızın köməyi ilə biz Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhədin bütün uzunluğu boyunca işləyə bilirik", - deyə Ritter vurğulayıb.
O əlavə edib ki, ötən həftə onlar Ermənistan-Azərbaycan sərhədində 1000-ci patrulu keçiriblər.
Ritter qeyd edib ki, onların sərhədyanı bölgələrdə olması gərginliyin azaldılmasına və yerli əhali arasında təhlükəsizlik hissinin artmasına kömək edir: “Biz bütün Aİ və beynəlxalq ictimaiyyətin diqqətini bu münaqişəyə cəlb edirik və hesabatlarımızla Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında nizamlanma prosesinə töhfə veririk. Hesab edirəm ki, biz hamımız razıyıq ki, bu region davamlı sülh və sabitliyə layiqdir və ümid edirəm ki, biz birlikdə bu məqsədin həyata keçirilməsinə töhfə verə biləcəyik”.