"İnsan hüquqlarının pozulması Qarabağda və onun ətrafında Ermənistan və Azərbaycan arasında uzunmüddətli münaqişənin son fəslində əlamətdar olub. Hamı üçün insan hüquqlarına tam hörmət və müvafiq beynəlxalq standartlara ciddi şəkildə riayət olunması iki ölkənin barışığı yolunda diqqət mərkəzində olmalıdır", deyə Avropa Şurasının insan hüquqları üzrə Komissarı Dunya Miyatoviç Dağlıq Qarabağı da daxil olmaqla, Ermənistana və Azərbaycana 16-23 oktyabr tarixlərində baş tutan səfəri başa çatdıqdan sonra bildirib.
Regiona səfər sentyabrın sonlarında cəmi bir neçə gün ərzində Ermənistana qaçan 100 600-dən çox Dağlıq Qarabağ ermənisinin kütləvi köçü ilə bağlı olub. Bu, 19-20 sentyabr tarixlərində Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlar, regionun tamamilə onun nəzarəti altına keçməsi və Qarabağ ermənilərinin Laçın dəhlizinin Azərbaycan tərəfindən doqquz aylıq mühasirəsi nəticəsində məruz qaldıqları hərəkət və əsas məhsulları, xidmətləri və enerji daşıyıcılarını əldə etmək imkanının uzun müddət pozulmasından sonra baş verib.
"Onlar hər hansı etibarlı təhlükəsizlik zəmanəti və ya hansısa tərəfin müdafiəsi olmadan tərk edilmiş vəziyyətdə qalıblar. Onlar üçün vətəni tərk etmək yeganə mümkün variant idi", deyə Avropa Komissarının bəyanatında bildirilir.
Komissar Ermənistana səfəri zamanı Dağlıq Qarabağdan məcburi köçkünlər üçün sığınacaqlara baş çəkib və Avropa Şurası üzvlərini köçkünlərə kömək etməyə çağırıb.
Komissar Azərbaycana səfəri zamanı Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev və digər şəxslərlə görüşlər keçirib.
"Komissar qeyd edib ki, Azərbaycan regionda qalan və Ermənistana gedən etnik ermənilərin hüquqlarına, o cümlədən təhlükəsiz və layiqli bir şəkildə öz evlərinə qayıtmaq hüququna zəmanət verməlidir".
Avropa Komissarının tövsiyələri daha sonra açıqlanacaq, deyə bəyanatda bildirilir.